`Bayrağımızla zəfərə doğru!`- Atıcılıq yarışı


21:26     08 Noyabr 2016 IMG_34844.JPG

“Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin icra orqanı Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə öz əməkdaşları arasında “Bayrağımızla zəfərə doğru!” devizi altında atıcılıq yarışı keçirib.

Femida.az -a daxil olan məlumata görə, Cəmiyyətin sədri Şahvələd Əliyev bayram münasibəti ilə kollektivi təbrik edib və bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 9 noyabr tarixli qərarı ilə təsdiq olunmuş üç rəngli bayrağımız 72 il sonra, 1990-cı il noyabrın 17-də ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq Azərbaycan tarixinə növbəti şanlı gün kimi yazılmışdır. Qeyd edib ki, cənab Prezident İlham Əliyevin 9 noyabrın Dövlət Bayrağı Günü kimi qeyd edilməsi haqqında sərəncamı, eyni zamanda Dövlət Bayrağı Meydanının yaradılması barədə təşəbbüsü Dövlət atributlarımıza yüksək ehtiramın ən gözəl nümunəsidir.
Vurğulanıb ki, atıcılıq yarışının keçirilməsində əsas məqsəd vətəndaşlarımızı Dövlət atributlarımıza hörmət ruhunda tərbiyə etmək, eyni zamanda onlarda zəfər hissini oyatmaqdır.

Daha sonra Bayraq gününə həsr olunmuş video çarx nümayiş etdirilib. Sonra yarışa start verilib.

Maraqlı mübarizə şəraitində keçən yarışda Cəmiyyətin əməkdaşı Niyazi Eynalov 48 ballıq nəticə ilə atıcılıq yarışının qalibi olmuşdur. Digər əməkdaşlar Süleyman Əlibəyov 45 balla 2-ci, Surxay Həsənquliyev isə 44 balla 3-cü nəticə göstərmişlər. Fərqlənən əməkdaşlar Cəmiyyət sədri tərəfindən pul mükafatı ilə mükafatlandırılıblar.

Xatırladaq ki, “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli 681 nömrəli Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində yaradılmışdır.









Femida.az


Açar sözlər:

Oxunub: 2901


Oxşar xəbərlər